Niderlandın “Feyenoord” klubunun sağ cinah müdafiəçisi Lutsharel Gertreyda bundan sonra “Leypsiq”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir.
Bundesliqa təmsilçisi niderlandlı futbolçunu 20 milyon avro müqabilində heyətinə qatıb. Mərkəz müdafiəçisi və dayaq yarımmüdafiəçisi kimi də oynamağı bacaran universal futbolçu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Lutsharel Gertreyda Rotterdam “Sparta”sının yetirməsidir. “Feyenoord” onu 2012-ci ildə heyətinə qatmışdı. 2018-ci ildən bu klubun əsas heyətində oynamağa başlamış müdafiəçi, 202 oyunda 24 qol vurub, 11 məhsuldar ötürmə verib.
Gertreyda Niderlandın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb. 2023-cü ilin mart ayında əsas millidə debüt etmiş futbolçu 11 oyunda iştirak edib.
“Leypsiq” əslən Qvineyadan olan fransalı mərkəz müdafiəçisi Məhəmməd Simakanı da “Əl-Nəsr”ə satıb. Səudiyyə Ərəbistanı klubu 24 yaşlı futbolçunu 45 milyon avro müqabilində heyətinə cəlb edib. Fransalı müdafiəçinin yeni klubu ilə imzaladığı müqavilənin müddəti açıqlanmır.
Məhəmməd Simakan Fransanın “Strasburq” klubunun yetirməsidir. “Leypsiq” onu 2021-ci ilin iyul ayında 15 milyon avroya transfer etmişdi. Simakan Bunesliqa təmsilçisinin heyətində 122 oyuna çıxıb. O, bu oyunlarda 7 qol vurub, 13 məhsuldar ötürmə müəllifi olub.
Simakan Fransanın U-20 və U-21 yığmalarında da oynayıb. Amma əsas millidə ona ehtiyac duyulmayıb.
Sonda onu da xatırladaq ki, “Əl-Nəsr”də portuqaliyalı ulduz futbolçu Kristiano Ronaldo ilə yanaşı, başqa tanınmış oyunçular da forma geyinirlər.