Luvaqa Kizito və Qustavo de Fransa “Səbail”dən göndərildi

Futbol üzrə Azərbaycan Premyer Liqasındakı yerini son anda qoruyan “Səbail” Qustavo de Fransa və Luvaqa Kizito ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Səbail” rəhbərliyi bu iki oyunçu ilə yolları ayırmaq barədə qərar qəbul edib. Oyunçularla mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

“Dənizçilər” hər iki futbolçuya xidmətlərinə görə təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.

Xatırladaq ki, həm Luvaqa Kizito, həm də Qustavo de Fransa “Səbail”ə 2022-ci ilin iyul ayında cəlb olunmuşdu. Həmin vaxt onlarla 1 illik müqavilə imzalanmışdı.

Kizito “Səbail”in heyətində 23 oyuna çıxıb. Portuqaliya vətəndaşlığı da olan 29 yaşlı uqandalı hücumçu bu oyunlarda cəmi 2 qol vura bilib.

Qustavo isə “dənizçilər”lə 28 matça çıxıb. Braziliyalı mərkəz müdafiəçisi bu görüşlərdə 4 məhsuldar ötürmə müəllifi olub.