Premyer Liqanın 29-cu turunda “Nottingem Forest”ə qarşı ev oyunu (1:1) “Luton Taun”un yarımmüdafiəçisi Lyuk Berri üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, ingilis futbolçu sözügedən oyunun 89-cu dəqiqəsində komandasının cavab qolunu vurub.
Bu, Berrinin İngiltərə Premyer Liqasında vurduğu ilk qoldur. Beləliklə Berri Premyer Liqa da daxil olmaqla, İngiltərə Çempionşipi, 1-ci Liqa (League One) və 2-ci Liqa (League Two) yarışlarında eyni komandanın heyətində qol vurmağı bacarmış ilk futbolçu kimi tarixə düşüb. Bu məlumat İngiltərə futbolunda fəal statistikanın aparıldığı 2004/2005 mövsümündən bəri əldə edilmiş nəticəyə əsaslanır.
Lyuk Berri “Kembric” klubunun yetirməsidir. Bir müddət “Barnsli”də çıxış etmiş Berri 2017-ci ilin avqustunda “Luton Taun”a keçib. Berrinin “Luton Taun”la müqaviləsi cari ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Berri “şlyapaçılar”ın heyətində bütün yarışlarda 12 oyuna 1 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.
Lyuk Berrinin qənimətlər muzeyində “Luton Taun”la 2018/2019 mövsümündə qaznadığı Liqa 1 (League One) çempionluğu var.
Lyuk Berri milli komandaya dəvət almayıb.
“Transfermarkt” internet-portalı 31 yaşlı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 400 min avro məbləğində qiymətləndirir.