Lyuk de Yonq PSV-nin ÇL-də rekordunu müəyyənləşdirdi

ÇL-in 1/8 finalında Dortmund “Borussiya”sına qarşı ilk oyun PSV-nin holland mərkəz hücumçusu Lyuk de Yonq üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, 1:1 hesabı ilə başa çatmış oyunda komandasının cavab qolunu vurmuş De Yonq klubun Çempionlar Liqasında ən sərrast futbolçusu olub.

Bu qol De Yonq üçün PSV-nin heyətində Çempionlar Liqasında vurduğu 9-cu qol olub. Müvafiq nəticəyə holland hücumçu Çempionlar Liqasında 23 oyun ərzində nail olub. Beləliklə De Yonq Çempionlar Liqasında PSV-nin heyətində 11 oyuna 8 qol vurmuş məşhur holland mərkəz hücumçusu Rud van Nistelroyun nəticəsini geridə qoyub. Həmçinin De Yonqun hesabında 2 məhsuldar ötürmə də var.

Lyuk de Yonq futbola “DZC ‘68” klubunda qədəm qoyub, buradan “De Qrafsxap”ın (Dutinxem) futbol akademiyasına yol tapıb. De Yonq karyerası ərzində “Tvente”, “Borussiya” (Mönhenqladbax), “Nyukasl”, PSV, “Sevilya” və “Barselona”da oynayıb.

De Yonq 2022-ci ilin iyulunda 3 milyon avro müqabilində “Sevilya”dan PSV-yə geri dönüb. De Yonqun Eyndhoven klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə De Yonq “kəndlilər”in heyətində bütün yarışlarda 35 oyuna çıxıb, 28 qol vurub, 11 məhsuldar ötürmə verib.

Lyuk de Yonqun qənimətlər muzeyində 4 Niderland çempionluğu (3-ü “PSV Eyndhovenlə, 1-i “Tvente” ilə), 2 Niderland Kuboku (“PSV Eyndhoven” və “Tvente” ilə), 6 Niderland Super Kuboku (4-ü “PSV Eyndhovenlə, 2-si “Tvente” ilə) var. Həmçinin De Yonq “PSV Eyndhoven”lə 2019/2020 mövsümü Avropa Liqasının qalibi olub. De Yonq 2018/2019 mövsümündə vurduğu 28 qolla Niderland Eradiviziyasının ən sərrast futbolçusu olub.

Lyuk de Yonq 2011-ci ilin fevralında debüt etdiyi Niderland yığmasının heyətində 39 oyun keçirib, 8 qol vurub, 1 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet portalı 33 yaşlı hücumçunun transfer dəyərini 3,50 milyon avro məbləğində qiymətləndirir.