Məhəmməd Abdullayev Azərbaycan boks yığmasının tarixinə düşüb. Arena.az xəbər verir ki, onun Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında qazandığı bürünc medal 2 yubileylə əlamətdar olub.
+92 kq çəkidə mübarizə aparan “Baku Fight Lab”ın üzvü yarımfinalda uduzaraq, bu yubileyləri rəsmiləşdirib. Onun əldə etdiyi üçüncülük Azərbaycan boks tarixinə dünya çempionatlarında qazanılan 10-cu bürünc kimi düşüb. Sayca 21-ci mundialda qazanılan bu medal boksçularımızın həm də 20-ci mükafatıdır.
Qeyd edək ki, Məhəmməd Abdullayev dünya çempionatında fəxri kürsüyə yüksələn 17-ci Azərbaycan boksçusudur.
Bu gün baş tutacaq yarımfinallarda daha bir Azərbaycan boksçusu rinqə çıxacaq. Sərxan Əliyev (71 kq) final üçün ukraynalı Yuri Zaxariyevlə üz-üzə gələcək. Komandamızın daha bir üzvü Alfonso Dominqes artıq finala vəsiqəni təmin edib. O, sabah baş tutacaq həlledici qarşılaşmada braziliyalı Keno Maçadonu sınağa çəkəcək.
Bu dünya çempionatı ilk dəfə 13 çəki dərəcəsində təşkil olunub. Mundialda 105 ölkədən 650 idmançı iştirak edir. 2 600 000 ABŞ dolları mükafat fondu olan yarışda çempion olacaq boksçular 100 000 dollar qazanacaq. İkinci yerin sahibi 50 000 dollar, üçüncü pilləni tutacaq boksçu 25 000 dollar mükafat alacaq.


