Məhəmməd Abdullayev: “Bürünc”ü “qızıl”a çevirməyə çalışacam”

Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasındakı dünya çempionatında bürünc medal qazanan Məhəmməd Abdullayev bu uğurunu şərh edib. Arena.az xəbər verir ki, ölkəmizi mundialda uğurla təmsil etmiş Azərbaycan yığması bu gün səhər vətənə qayıdıb.

Nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Hava Limanında Boks Federasiyasının kollektivi, Gənclər və İdman Nazirliyinin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, bokssevərlər və idmançıların ailə üzvləri qarşılayıblar.

+92 kq çəki dərəcəsində yarışan və bürünc medalla kifayətlənən Məhəmməd Abdullayev Hava Limanında jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, növbəti mundailda əsas hədəf “qızıl” olacaq:

“Döyüşlərim yaxşı keçdi. Zəif rəqib yox idi. Ardıcıl olaraq, Meksika, Əlcəzair və Gürcüstan boksçularına qalib gələrək, yarımfinala yüksəldim. Yarımfinalda kubalı idmançı ilə üz-üzə gəldim. Finala çıxa bilmədim, 3-cü yerlə kifayətləndim. Növbəti dünya çempionatlarında “bürünc”ü “qızıl”a çevirməyə çalışacam. Qarşıdakı hədəf isə Avropa Oyunlarında finala vəsiqə qazanmaqdır. Çünki çəkimdə Olimpiadaya ancaq həlledici döyüşün iştirakçıları lisenziya əldə edəcək. Paris-2024-ə yollanmaq və orada ən yüksək nəticəni göstərmək istəyirəm”.

Xatırladaq ki, 538 boksçunun iştirakı ilə keçirilən dünya çempionatında millimizin üzvlərindən Alfonso Dominqes (86 kq) də gümüş medal qazanıb. Azərbaycan yığması 107 ölkə arasında 7-ci yerə şərik olub.