Azərbaycanlı boksçu Məhəmməd Abdullayev (+92 kq) Özbəkistanın paytaxtı Daşkənd keçirilən dünya çempionatında yarımfinal döyüşünə çıxıb. Arena.az xəbər verir ki, o, finala gedən yolda millimizin digər üzvü Alfonso Dominqesin (86 kq) uğurunu davam etdirməyə çalışıb.
Boksçumuz yarımfinalda kubalı Fernando Lopes Arzola ilə üz-üzə gəlib. Döyüşdə rəqib finala vəsiqə qazandığından Məhəmməd Abdullayev dünya çempionatını bürünc medalla başa vurub. Bu, onun böyüklər arasında ardıcıl eyni əyarlı ikinci mükafatı olub.
Xatırladaq ki, daha öncə Alfonso Dominqes yarımfinalda Georgi Kuşitaşvilini (Gürcüstan) 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edərək ikinci dəfə dünya çempionatının finalına vəsiqə qazanıb. Olimpiya mükafatçımız həlledici görüşdə rusiyalı Şarabutdin Atayevlə döyüşəcək. Qarşılaşma mayın 14-də olacaq.
5,2 milyon ABŞ dolları mükafat fondu olan dünya çempionatı məhz mayın 14-də başa çatacaq. Final döyüşləri son iki günə təsadüf edəcək. Mundialda qızıl medal qazanacaq boksçular 200 min dollar gəlir əldə edəcəklər. İkinci yerin sahibləri 100 min, üçüncü yerin sahibləri isə 50 min dollarla mükafatlandırılacaqlar.
Azərbaycan yığması mundiala tam heyətlə yollanıb. Məşqçilər korpusu dünya çempionatında Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (86 kq), Eldar Quliyev (92 kq) və Məhəmməd Abdullayevə (+92 kq) şans verib. Lakin Məhəmmədlə Alfonsodan başqa bütün boksçularımız mübarizəni erkən dayandırmışdılar.