Qazaxıstan millisinin baş məşqçisi Məhəmməd Adiyev UEFA Millətlər Liqasında Azərbaycana qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Arena.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“İyunda 4 qarşılaşma keçirəcəyik. Bu səbəbdən, gücümüzü bölməyə çalışacağıq. İlk görüşümüz Azərbaycan seçməsinə qarşı olacaq. Əlimizdə olan futbolçularla kifayətlənəcəyik. Artıq heyətə başqa kimlərisə dəvət etməyəcəm. Bu oyunçularla qarşıdakı 4 matçda mübarizə aparacağıq.
Azərbaycan yığması kifayət qədər layiqli rəqibdir. Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik. Rəqibin necə oyun göstərəcəyi də çox önəmlidir”.
Məhəmməd Adiyev sabahkı görüşdə balanslı oyuna üstünlük verəcəklərini söyləyib: “İspaniyanın “Real” və İngiltərənin “Liverpul” komandaları arasındakı UEFA Çempionlar Liqasının final matçını nümunə göstərə bilərəm. Hücum futbolu oynayaraq 0:5 hesabı ilə məğlub ola bilərsən. Amma balanslaşdırılmış futbol sərgiləyərək, qalib gəlmək mümkündür. “Liverpul” – “Real” matçı bunun bariz nümunəsidir”.
Qazaxıstan millisinin yarımmüdafiəçisi Asxat Tağıbergen də mətbuat konfransında iştirak edib. “Tobol”un formasını geyinən 31 yaşlı futbolçu bunları söyləyib:
“İndiyə qədər Azərbaycan yığması ilə 8 oyun keçirmişik. Biz dörd oyunda qalib gəlmişik, iki dəfə uduzmuşuq, iki dəfə də heç-heçə qeydə alınıb. Bir sözlə, bu rəqiblə tez-tez qarşılaşırıq. Sabahkı oyuna da hazırıq. Yeni baş məşqçimiz rəqibin güclü və zəif tərəflərini bizə göstərib. Sabah bütün gücümüzü meydanda qoymağa çalışacağıq. Komandada əla atmosfer var”.
İyunun 3-də “Astana Arena”da keçiriləcək Qazaxıstan – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.


