Futbol üzrə Qvineya yığmasının və Fransanın “Lill” klubunun hücumçusu Məhəmməd Bayo bundan sonra “Antverpen”də çıxış edəcək.
Arena.az xəbər verir ki, bu barədə Belçika klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Antverpen” 26 yaşlı forvardı bu mövsümün sonuna kimi icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb. Bir sözlə, o, mövsüm bitən kimi 2027-ci ilin 30 iyununadək müqaviləsinin olduğu “Lill”ə qayıdacaq.
Məhəmməd Bayo “Klermon”un yetirməsidir. O, “Lill”ə 2022-ci ilin iyul ayında 14 milyon avro qarşılığında keçib. Hücumçu bu komandada 47 oyuna çıxıb, 7 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə icarə əsasında “Dyunkerk”də və “Havr”da da forma geyinib.
Bayo 2021-ci ilin mart ayında debüt etdiyi Qvineya yığmasında 29 oyuna 8 qol vurub, 2 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 26 yaşlı hücumçunun transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.



