Fransanın “Klermon” klubunun hücumameyilli yarımmüdafiəçisi Məhəmməd Çam bundan sonra “Trabzonspor”un uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, Trabzon klubu hələ ötən mövsümün sonlarından heyətinə qatmaq istədiyi bu oyunçunu nəhayət ki, aylar sonra Türkiyəyə gətirə bilib.
23 yaşlı avstriyalı futbolçunun tibbi müayinələrdən keçdikdən sonra rəsmi müqaviləyə imza atması gözlənilir. Bazar dəyəri 6 milyon avro olan Çamın “Trabzonspor”a neçəyə başa gəlməsi hələ məlum deyil.
Məhəmməd Çam Almaniyanın “Hannover” və “Volfsburq” klublarının yetirməsidir. Peşəkar karyerasına isə “Admira Vakker”də başlamış futbolçunu “Klermon” 2020-ci ilin oktyabr ayında heyətinə qatıb. Fransa klubunun əsas komandasında 74 oyuna 15 qol vurub, 8 məhsuldar ötürmə vermiş Çam, “Vendsissel” və “Austriya Lustenau” klublarında icarədə də olub.
Avstriyanın U-19 və U-21 yığmalarında oynamış Məhəmməd Çam 2022-ci ilin sentyabrında əsas millidə debüt edib. O, yığmanın heyətində 3 oyun keçirib.

“Trabzonspor”da 6 ayrılıq, 1 icarə
“Trabzonspor” bir neçə futbolçusu ilə də yollarını ayırıb. Uruqvaylı hücumçu Maksi Qomes Super Liqa təmsilçisini azad agent kimi tərk edib. Onun karyerasını harada davam etdirəcəyi bilinmir. 2022-ci ilin sentyabrından Trabzon klubunda olan futbolçu, bu komandada 35 oyun keçirib, 7 qol və 6 assistlə yadda qalıb.
İspaniyalı mərkəz müdafiəçisi Xoakin Fernandes azad agent kimi ABŞ klubu “Kanzas Siti”yə keçib. 28 yaşlı futbolçu yeni klubu ilə 2025-ci ilin 31 dekabrına kimi anlaşıb. O, 2023-cü ilin yayında qoşulduğu “Trabzonspor”da cəmi 17 oyun keçirib.
Yunanıstandan olan dayaq yarımmüdafiəçisi Dimitrios Kurbelis də azad agent kimi Səudiyyə Ərəbistanının “Əl-Xalic” klubuna keçib. Kurbelis 2023-cü ilin yayında qoşulduğu “Trabzonspor”da cəmi 6 matç keçirib.
Hücumçu Batuhan Kör “Vanspor”a keçib. Sözügedən klub bu transfer üçün “Trabzonspor”a 196 min avro ödəyib. 23 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqavilə bağlayıb.
Murat Cem Akpınar “Sakaryaspor”a keçib. Sözügedən klub bu transfer üçün trabzonlulara 419 min avro ödəyib. 25 yaşlı mərkəz yarımmüdafiəçisi yeni klubu ilə 2 illik sözləşmə imzalayıb.
Dayaq yarımmüdafiəçisi Hakan Yeşil “Pendikspor”a üz tutub. “Trabzonspor” onun satışından 307 min avro qazanıb. 22 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb.
Göktan Gürpüz isə “Fatih Karagümrük” klubuna icarəyə verilib. 21 yaşlı hücumameyilli yarımmüdafiəçi bu mövsümün sonuna kimi icarədə olacaq.