İngiltərənin “Arsenal” klubu yarımmüdafiəçisi Məhəmməd Elneni ilə müqavilənin müddətini yenidən artırıb. Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu müddəti 2024-cü ilin yayına qədər olan yeni sözləşməyə imza atıb.
Bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti 2023-cü ilin yayında başa çatacaqdı.
Xatırladaq ki, Elneni “topçular”la 2022-ci ilin may ayında da yeni müqavilə bağlamışdı. Lakin həmin vaxt tərəflər 1+1 illik müqaviləyə imza atmışdılar. Klub futbolçunu saxlamaqda maraqlı olduğundan, həmin əlavə 1 il şərti qüvvəyə minib.
Məhəmməd Elneni 2016-cı ildən “Arsenal”da çıxış edir. İngiltərə nəhəngi həmin vaxt onu İsveçrənin “Bazel” klubundan 12.5 milyon avroya transfer etmişdi. Misirli futbolçu bu komandanın heyətində meydana çıxdığı 155 oyunda 6 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Misir yığmasının üzvü “Arsenal”da çıxış edərkən Türkiyənin “Beşiktaş” klubuna icarəyə də verilib. O, 2019/20 mövsümünü İstanbul təmsilçisində keçirib (36 oyun, 1 qol və 4 məhsuldar ötürmə). Elneni daha öncə “Bazel” (144 oyun, 10 qol və 8 məhsuldar ötürmə) və “Əl-Mukavulun” (39 oyun, 3 qol, 3 məhsuldar ötürmə) klublarının da uğurları üçün çalışıb.
Dayaq yarımmüdafiəçisi olan təcrübəli futbolçu Misir yığmasında da 91 oyun keçirib. O, bu görüşlərdə 8 qola imza atıb.
