Məhəmməd Kamara “Hatayspor”u “Hapoel”ə dəyişdi

Türkiyənin “Hatayspor” klubu hücumçusu Məhəmməd Kamara ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Liberiyalı forvarda xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Məhəmməd Kamaranın yeni iş yeri də məlumdur. 24 yaşlı futbolçu İsrailin “Hapoel” (Hayfa) klubuna keçib. O, yeni klubu ilə 1+1 illik müqaviləyə imza atıb.

Məhəmməd Kamara “Hatayspor”a 2021-ci ilin yanvarında “Menemenspor”dan gəlmişdi. Ötən mövsümün ikinci dövrəsini Qazaxıstanın “Astana” klubunda icarədə keçirmiş forvard, Hatay klubunda bütövlükdə 47 matça çıxıb, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Liberiyalı futbolçu daha öncə “Atlanta Silverbaks”da, “Paderborn” və “Los Anceles Qalaksi” klublarının ikinci komandalarında da forma geyinib.