Məhəmməd Salah Arne Slotun işi haqda: “Gözləmirdim…”

“Liverpul”un misirli ulduz hücumçusu Məhəmməd Salah “qırmızılar”ın niderlandlı baş məşqçisi Arne Slot ilə işi haqda söhbət açıb.

Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, misirli ulduzun bu barədə fikrini təqdim edir:

“Arne Slot ilə işləməyə başlamazdan əvvəl, onun bu qədər yaxşı olduğunu gözləmirdim… amma sonra işə başladıq, indi isə heç təəccüblənmirəm. O, təfərrüatı çox gözəl görür, xırda xüsuslarla isə əla işləyir, səhv edəndə də kibiri yoxdur… O, taktikada möhtəşəmdir”, deyə Məhəmməd Salah vurğulayıb.

Xatırladaq ki, Arne Slot 2024-cü ilin iyulunda “Liverpul”un sükanı arxasına gətirilib. Niderlandlı mütəxəssisin “qırmızılar”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

İngiltərə Premyer Liqasının 18 oyununda 45 xalla Arne Slotun “Liverpul”u yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Qırmızılar” ən yaxın rəqibi, 19 oyundan 39 xalla 2-ci pillədə qərarlaşmış “Arsenal”ı 6 xal qabaqlayırlar.

Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin vaxt Salahın “Roma”dan transferi müqabilində 42 milyon avro məbləğində xərc çəkib.

Salahın “Liverpul”la cari müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 26 oyuna çıxıb, 20 qol vurub, 17 məhsuldar ötürmə verib.

Məhəmməd Salah cari mövsümdə İngiltərə Premyer Liqasının ən məhsuldar və ən səmərəli oyunçusudur. Misirli ulduzun hesabında Premyer Liqada 17 qol və 13 məhsuldar ötürmə var.

Misirli hücumçunun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 375 oyun, 231 qol, 105 məhsuldar ötürmədən ibarətdir.
Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.

Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.

Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 101 oyun keçirib, 58 qol vurub, 33 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı misirli hücumçunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.