Məhəmməd Salah: “Bu, “Liverpul”dakı son ilimdir”

“Liverpul”un hücumçusu Məhəmməd Salah “qırmızılar”la gələcəyinin qeyri-müəyyənliyinə rəğmən, səmərəsi və məhsuldarlığının sirrini paylaşıb.

Arena.az “Sky Sports” dərgisinə istinadən, misirli ulduzun bu barədə fikrini təqdim edir:

“Fikrimcə, bu (“Liverpul”da – redaktorun qeydi), son altı ayımdırsa, nə ilə yadda qalmaq istərdim? Geriyə baxıb müqaviləyə görə çox əsəbi olduğumu görmək istəyirəmmi? Yoxsa inanılmaz bir mövsüm keçirdiyimi qeyd etmək istəyirəm? Bu barədə düşünürəm. Hər hansı bir məqamda fikrimın dağıldığını hiss etsəm, sadəcə olaraq geriyə baxıb inanılmaz bir mövsüm keçirdiyimi demək istədiyimi xatırladacağam. Məhz bunu etmək istəyirəm”, deyə Salah vurğulayıb.

Misirli hücumçu İngiltərə Premyer Liqasını qazanmaq arzusunda olduğunu və bunu Çempionlar Liqasında qalibiyyətdən daha çox istədiyini də etiraf edib:

“Son 7-8 il ərzində verdiyim müsahibələrdə həmişə Çempionlar Liqasını qazanmaq istədiyimi demişəm. Amma indi ilk dəfədir ki, “Liverpul”la Premyer Liqanı qazanmaq istədiyimi deyirəm. Niyə? Heç bir fikrim yoxdur. Yəqin ki, keçən dəfə qalibiyyəti istədiyimiz kimi qeyd etmədiyimizə görə (“Liverpul” 2019/2020-ci illər mövsümündə koronavirus pandemiyası səbəbindən məhdudiyyətlərlə oynanılmış mövsümün qalibi olub – redaktorun qeydi) və həmçinin bura qayıdaraq başa düşürəm ki, bu, mənim klubdakı son ilimdir və şəhər üçün xüsusi bir məqama nail olmaq istəyirəm”, deyə Salah vurğulayıb.

“Bu, “Liverpul”da son altı ayımdır”

Misirli ulduz həmçinin müqaviləsi ilə bağlı qeyri-müəyyənliyə dair də məlumat verib:

“Hələlik, bəli, bu, son altı ayımdır. Heç bir irəliləyiş yoxdur. Biz hər hansı irəliləyişdən uzağıq. Sadəcə gözləməli və görməliyik”, deyə Salah vurğulayıb.

Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin vaxt Salahın “Roma”dan transferi müqabilində 42 milyon avro məbləğində xərc çəkib.

Salahın “Liverpul”la cari müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 26 oyuna çıxıb, 20 qol vurub, 17 məhsuldar ötürmə verib.

Məhəmməd Salah cari mövsümdə İngiltərə Premyer Liqasının ən məhsuldar və ən səmərəli oyunçusudur. Misirli ulduzun hesabında Premyer Liqada 17 qol və 13 məhsuldar ötürmə var.

Misirli hücumçunun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 375 oyun, 231 qol, 105 məhsuldar ötürmədən ibarətdir.

Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.

Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.

Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 101 oyun keçirib, 58 qol vurub, 33 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı misirli hücumçunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.