Məhəmməd Salah Lionel Messinin nailiyyətini təkrarladı

İngiltərə Premyer Liqasının 29-cu turunun “Aston Villa” ilə səfər oyunu “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah üçün düşərli olub.

Arena.az məlumat verir ki, Salah 2:2 hesabı ilə başa çatmış bu oyunda qol və məhsuldar ötürmə ilə fərqlənib.

“Opta Sports” statistik internet-portalının təqdim etdiyi məlumata görə, Salah 2014/2015-ci illər mövsümündən bəri, Avropanın böyük futbol beşliyinin milli birincilikləri çərçivəsində 10 müxtəlif oyunda eyni zamanda həm qol vurmuş və həm də məhsuldar ötürmə vermiş ilk futbolçu olub.

Beləliklə, Salah argentinalı ulduz hücumçu Lionel Messinin 2014/2015-ci illər mövsümündə “Barsleona”da çıxış edərkən nail olduğunu uğuru təkrarlayıb. Əlavə edək ki, Messi həmin mövsümdə 11 oyunda eyni zamanda həm qol və həm də məhsuldar ötürmə ilə fərqlənərək, mütləq rekord müəyyən edib. Göründüyü kimi, Salah nəinki “Leo”nun rekordunu təkrarlaya, həminin mütləq rekord müəyyənləşdirə bilər.

Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin dövrdə Salahın “Roma”dan transferi müqabilində 42 milyon avro məbləğində xərc çəkib.

Salahın “Liverpul”la müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Misirli futbolçunun cari mövsümün sonunda İngiltərə klubundan ayrılması haqda şayiələr dolaşır.

Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 29 qol vurub, 20 məhsuldar ötürmə verib.

Misirli hücumçunun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 386 oyun, 240 qol, 108 məhsuldar ötürmədən ibarətdir.

Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.

Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.

Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 101 oyun keçirib, 58 qol vurub və 33 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı misirli hücumçunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın