Futbol üzrə Misir yığmasının və “Liverpul”un ulduz hücumçusu Məhəmməd Salah İngiltərə klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytına istinadən məlumat verir.
Misirli hücumçu ilə yeni sözləşmənin müddəti 2027-ci ilin 30 iyununa qədərdir. Son vaxtlar futbolçunun İngiltərə klubu ilə müqaviləni uzatmayacağı və mövsümün sonunda komandanı tərk edəcəyi ilə bağlı məlumatlar yayılırdı. Amma o, klubun yeni 2 illik müqavilə təklifini qəbul etməklə bütün bu söhbətlərə son qoyub. Halbuki, futbolçu özü də bir neçə dəfə açıqlamasında “Liverpul”da sonuncu mövsümünü keçirdiyini vurğulamışdı.
Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin dövrdə Salahın “Roma”dan transferi müqabilində 42 milyon avro məbləğində xərc çəkib. Salahın “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 32 qol vurub, 22 məhsuldar ötürmə verib.
Misirli hücumçunun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 394 oyun, 243 qol, 111 məhsuldar ötürmədən ibarətdir.
Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.
Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.
Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 103 oyun keçirib, 58 qol vurub və 34 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı misirli hücumçunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.


