İngiltərə Liqa Kubokunun “Nyukasl”la final oyunu (1:2) “Liverpul”un misirli ulduz hücumçusu Məhəmməd Salah üçün düşərli olmayıb.
Arena.az “Opta Sports” statistik-internet portalına istinadən məlumat verir ki, Salah 90 dəqiqə meydanda olduğu bu oyunda “sağsağanlar”ın qapısına bircə zərbə belə, vurmayıb.
Beləliklə Salah “qırmızılar”ın heyətində çıxış etdiyi müddətdə ilk dəfə olaraq müvafiq halla üzləşərək, ən pis göstəricisini yaşayıb.
Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin dövrdə Salahın “Roma”dan transferi müqabilində 42 milyon avro məbləğində xərc çəkib.
Salahın “Liverpul”la müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 43 oyuna çıxıb, 32 qol vurub, 22 məhsuldar ötürmə verib.
Misirli hücumçunun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 392 oyun, 243 qol, 110 məhsuldar ötürmədən ibarətdir.
Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.
Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.
Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 101 oyun keçirib, 57 qol vurub və 33 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı misirli hücumçunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.


