Məhəmməd Salah Luis Suaresi də ötdü, yeni rekordçu oldu

İngiltərə Premyer Liqasının 29-cu turunun “Aston Villa” ilə səfər oyunu “Liverpul”un futbolçusu Məhəmməd Salah üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, misirli hücumçu bu oyunda qol vurmaqla İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

32 yaşlı forvard turnir tarixində bir mövsümdə səfər matçlarında ən çox qol vuran oyunçu adına sahib çıxıb. Səfər qarşılaşmalarında 15 dəfə rəqib qapılarına yol tapan Salah “Liverpul”un sabiq oyunçusu Luis Suaresin (14 qol) 2013/2014-cü illər mövsümünə təsadüf etmiş uğurunu geridə qoyub.

Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin dövrdə Salahın “Roma”dan transferi müqabilində 42 milyon avro məbləğində xərc çəkib.

Salahın “Liverpul”la müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Misirli futbolçunun cari mövsümün sonunda İngiltərə klubundan ayrılması gözlənilir.

Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 29 qol vurub, 20 məhsuldar ötürmə verib.

Misirli hücumçunun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 386 oyun, 240 qol, 108 məhsuldar ötürmədən ibarətdir.

Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.

Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.

Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 101 oyun keçirib, 58 qol vurub və 33 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı misirli hücumçunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.