Məhəmməd Salah – Premyer Liqada fevral ayının ən yaxşısı!

“Liverpul”un misirli hücumçusu Məhəmməd Salah fevral ayı üçün İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu seçilib.

Arena.az məlumat verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

Salah “Liverpul”un heyətində fevralda keçirdiyi 6 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, Salah üçün bu mükafat karyerasında 7-ci olub. Cari mövsümdə isə o, ikinci dəfədir ayın ən yaxşısı seçilir. Misirli futbolçu bu mövsüm noyabr ayında da ən yaxşı elan edilmişdi.

Salah 7-ci dəfə Premyer Liqada ayın ən yaxşısı seçilməklə rekordçu Harri Keyn və Serxio Aqueronun uğurunu təkrarlayıb. O, növbəti belə uğura imza atacağı halda mütləq rekordçu olacaq.

Premyer Liqanın cari mövsümündə ayın ən yaxşısı semilmiş bütün futbolçular:

Avqust 2024 – Erlinq Haland (“Mançester Siti”)
Sentyabr 2024 – Koul Palmer (“Çelsi”)
Oktyabr 2024 – Kris Vud (“Nottingem Forest”)
Noyabr 2024 – Məhəmməd Salah (“Liverpul”)
Dekabr 2024 – Aleksandr İsak (“Nyukasl”)
Yanvar 2025 – Castin Kluyvert (“Bornmut”)

Xatırladaq ki, Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin vaxt Salahın “Roma”dan transferi müqabilində 42 milyon avro məbləğində xərc çəkmişdi.

Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 42 oyuna çıxıb. O, bu oyunlarda 32 qol vurub, 22 məhsuldar ötürmə verib.

Misirli hücumçunun “Liverpul”un heyətində ümumi statistikası isə belədir: 391 oyun, 243 qol, 110 məhsuldar ötürmə.

Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub. O, “Liverpul” və “Roma”dan başqa, “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.

Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 101 oyun keçirib, 58 qol vurub, 33 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı misirli cinah hücumçusunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: