İngiltərə Premyer Liqasının 32-ci turunun “Vest Hem”lə ev oyunu “Liverpul”un misirli ulduz hücumçusu Məhəmməd Salah üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, Salah bu oyunda “qırmızılar”ın 2:1 hesablı qələbəsinə məhsuldar ötürmə ilə töhfəsini verib.
Beləliklə Salah cari mövsümün İngiltərə çempionatında 45-ci səmərəli fəaliyyətinə imza atıb. Salahın hesabında Premyer Liqada 27 qol və 18 məhsuldar ötürmə var. Misirli ulduz hər iki göstəricidə cari mövsümün lideridir.
Müvafiq uğuru sayəsində Salah səmərəli fəaliyyət üzrə İngiltərə Premyer Liqasının rekordunu müəyyənləşdirib. Misirli ulduz 2002/2003-cü illər mövsümündə “Arsenal”ın fransalı hücumçusu Tyerri Anrinin və 2022/2023-cü illər mövsümündə “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Halandın müəyyənləşdirdiyi 44 ballıq rekordu qırıb. Göründüyü kimi, Salah şəxsi rekordunu daha da yaxşılaşdırmaq imkanına malikdir.
Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin dövrdə Salahın “Roma”dan transferi müqabilində 42 milyon avro məbləğində xərc çəkib. Salahın “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 46 oyuna çıxıb, 32 qol vurub, 23 məhsuldar ötürmə verib.
Misirli hücumçunun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 395 oyun, 243 qol, 112 məhsuldar ötürmədən ibarətdir.
Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.
Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.
Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 103 oyun keçirib, 58 qol vurub və 34 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı misirli hücumçunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.


