İngiltərə Premyer Liqasının 27-ci turunun “Nyukasl”la ev oyunu “Liverpul”un hücumçusu Məhəmməd Salah üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, Salah bu oyunda “qırmızılar”ın 2:0 hesablı qələbəsinə məhsuldar ötürmə ilə töhfəsini verib.
Bununla da Salah İngiltərə Premyer Liqasındakı şəxsi məhsuldarlıq rekordunu təkrarlayıb.
Xatırladaq ki, Salah İngiltərə Premyer Liqasının cari mövsümünün 25 qolla ən sərrast qolçusudur. Misirli ulduzun hesabında həmçinin 17 məhsular ötürmə var və Salah bu göstəricidə də Premyer Liqanın cari mövsümünün ən öncül futbolçusudur. Salah həmçinin qol və məhsular ötürmələrin cəmi (25+17) üzrə 42 xalla Premyer Liqanın cari mövsümünün ən səmərəli futbolçusudur.
Buna qədər Salah müvafiq məhsuldarlığa 2017/2018-ci illər mövsümündə nail olmuşdu. O vaxt misirli ulduz Premyer Liqada 32 qol vurmuş və 10 məhsuldar ötürmə vermiş, mövsümün yekununda 42 xallıq nəticə göstərmişdi.
Göründüyü kimi, Salah şəxsi nailiyyətini dəfələrlə yaxşılaşdıra bilər.
Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin dövrdə Salahın “Roma”dan transferi müqabilində 42 milyon avro məbləğində xərc çəkib.
Salahın “Liverpul”la müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Misirli futbolçunun cari mövsümün sonunda İngiltərə klubundan ayrılması haqda şayiələr dolaşır.
Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 38 oyuna çıxıb, 30 qol vurub, 21 məhsuldar ötürmə verib.
Misirli hücumçunun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 387 oyun, 241 qol, 109 məhsuldar ötürmədən ibarətdir.
Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.
Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.
Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 101 oyun keçirib, 58 qol vurub və 33 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı misirli hücumçunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.


