Məhəmməd Salah Serxio Aqueronun rekordunu qırdı

İngiltərə Premyer Liqasının 8-ci turunun “Çelsi” ilə ev oyunu “Liverpul”un misirli ulduz hücumçusu Məhəmməd Salah üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Salah “qırmızılar”ın 2:1 hesablı qələbəsinə penaltidən vurduğu qol və məhsuldar ötürmə ilə töhfəsini verib.

Beləliklə, Salah İngiltərə Premyer Liqasında “Liverpul”un heyətində 232 səmərəli fəaliyyətə – 160 qol və 72 məhsudlar ötürməyə imza atmış olub. Salah İngiltərə Premyer Liqasında bir komandanın heyətində qol və məhsuldar ötürmələrin cəmi üzrə ən çox xal toplamış futbolçular siyahısında 6-cı yerə yüksəlib. Misirli ulduz hücumçu “Mançester Siti”nin argentinalı keçmiş hücumçusu Serxio Aqueronun 231 xallıq nəticəsini geridə qoyub.

Müvafiq nəticə üzrə mütləq rekord isə “Mançester Yunayted”in ingilis keçmiş hücumçusu Ueyn Runiyə məxsusdur. Runinin hesabında 276 səmərəli fəaliyyət – 183 qol və 93 məhsuldar ötürmə var.

Məhəmməd Salah 2017-ci ilin iyulundan “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin vaxt Salahın “Roma”dan transferi müqabilində 42 milyon avro məbləğində xərc çəkmişdi. Misirli ulduzun “qırımızlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 11 oyuna 7 qol vurub, 6 məhsuldar ötürmə verib. Misirli hücumçunun “Liverpul”un heyətində ümumi statistikası isə belədir: 360 oyun, 218 qol, 95 məhsuldar ötürmə.

Misirli ulduz hücumçu “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.

Salah “Liverpul” və “Roma”dan başqa, “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.

Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 101 oyun keçirib, 57 qol vurub, 33 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı misirli cinah hücumçusunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın