Futbol üzrə Misir millisinin və “Liverpul”un 32 yaşlı cinah hücumçusu Məhəmməd Salah sevimli futbolçusu haqda söhbət açıb.
Arena.az CNN-ə istinadən, misirli ulduzun müvafiq qənaətini təqdim edir:
“Mən Cerradla “PlayStation”da oynamışam. O, mənim həmişə seçdiyim yeganə kimsə idi. O, uzaqdan zərbələr endirər və çoxlu qollar vurardı. O hər yerdən zərbələr endirər və qollar vurardı. Mən onunla iki dəfə görüşmüşəm, o, inanılmazdır… Böyük adamdır”, deyə Salah vurğulayıb.
Xatırladaq ki, ingilis keçmiş yarımmüdafiəçi Stiven Cerrard “Liverpul”un əfsanəsidir. Cerrard 1998-2015-ci illərdə “qırmızılar”ın uğurları üçün çalışıb. Cerrard “Liverpul” üçün ümumilkdə 710 oyun keçirib, 186 qol və 155 məhsuldar ötürmə ilə fərqlənib.
Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin dövrdə Salahın “Roma”dan transferi müqabilində 42 milyon avro məbləğində xərc çəkib.
Salahın “Liverpul”la müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Misirli futbolçunun cari mövsümün sonunda İngiltərə klubundan ayrılması haqda şayiələr dolaşır.
Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 39 oyuna çıxıb, 30 qol vurub, 22 məhsuldar ötürmə verib.
Salah İngiltərə Premyer Liqasının cari mövsümünün 25 qolla ən sərrast qolçusudur. Misirli ulduzun hesabında həmçinin 17 məhsular ötürmə var və Salah bu göstəricidə də Premyer Liqanın cari mövsümünün ən öncül futbolçusudur. Salah həmçinin qol və məhsular ötürmələrin cəmi (25+17) üzrə 42 xalla Premyer Liqanın cari mövsümünün ən səmərəli futbolçusudur.
Misirli hücumçunun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 388 oyun, 241 qol, 110 məhsuldar ötürmədən ibarətdir.
Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.
Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.
Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 101 oyun keçirib, 58 qol vurub və 33 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı misirli hücumçunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.


