İngiltərə Premyer Liqasının 18-ci turunun “Lester Siti” ilə ev oyunu “Liverpul”un futbolçusu Məhəmməd Salah üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, misirli hücumçu sözügedən matçda komandasının 3:1 hesablı əzmkar qələbəsinə qolla töhfə erib.
Bu, onun “Liverpul”un ev oyunlarında vurduğu 100-cü qol olub. 32 yaşlı forvard 100 qol göstəricisinə 142 ev oyununda çatıb.
Premyer Liqa tarixində ev matçlarında 100 qol həddini daha sürətli aşmağı bacaran yalnız üç futblçu var. Bunlar Serxio Aquero (125 oyunda), Tyerri Anri (113 matçda) və Alan Şirerdir (91 oyunda).
Xatırladaq ki, Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin vaxt Salahın “Roma”dan transferi müqabilində 42 milyon avro məbləğində xərc çəkib.
Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 19 qol vurub, 15 məhsuldar ötürmə verib.
Salah həmçinin cari mövsüm İngilyərə Premyer Liqasının ən məhsuldar və ən səmərəli oyunçusudur. Misirli ulduzun hesabında Premyer Liqada 16 qol və 11 məhsuldar ötürmə var.
Misirli hücumçunun “Liverpul”un heyətində ümumi statistikası 374 oyun, 230 qol, 103 məhsuldar ötürmədən ibarətdir.
Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.
Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.
Xatırladaq ki, Salahın “Liverpul”la cari müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. O, son açıqlamalarında indiki klubunda sonuncu mövsümünü keçirdiyinə işarə edib.
Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 101 oyun keçirib, 58 qol vurub, 33 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı misirli sağ cinah hücumçusunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.