Almaniyanın “Leypsiq” klubun müdafiəçisi Məhəmməd Simakan Bundesliqa təmsilçisi ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
Fransadan olan 22 yaşlı mərkəz müdafiəçisi ilə müqavilənin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Onun əvvəlki müqaviləsi 2026-cı ilin yayına qədər idi. Yeni sözləşmədə həm futbolçunun qazancı, həm də ona qoyulan qiymət artırılıb. Amma maddi detallarla bağlı ictimaiyyətə məlumat verilməyib.
Məhəmməd Simakan 2021-ci ilin iyul ayında Fransanın “Strasburq” klubundan “Leypsiq”ə transfer edilib. Müdafiəçi Bundesliqa təmsilçisinin heyətində 60 oyuna çıxıb. O, bu görüşlərdə 4 qola imza atıb, həmçinin 6 məhsuldar ötürmə müəllifi olub.
Fransanın gənclərdən ibarət yığmalarında oynamış futbolçu daha öncə yalnız yetirməsi olduğu “Strasburq”da forma geyinib.