Geridə qalan mövsümdə Azərbaycan Kubokunun qalibi olan “Qəbələ” klubu müdafiəçi Məqsəd İsayev ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb.
2021-ci ilin yayından “qırmızı-qara” forma geyinən 29 yaşlı futbolçunun müqavilə müddəti başa çatıb. Tərəflər yeni sözləşməyə ehtiyac duymayıblar və yollarını ayırıblar.
Məqsəd iki mövsüm ərzində bu komandada 73 matça çıxıb, 4 qol vurub, 6 məhsuldar ötürmə ilə yadda qalıb. İsayev Premyer Liqada 61 (3 qol), kubokda 10 (1 qol), Konfrans Liqasında 2 matçda iştirak edib. Müdafiəçi bu komandanın heyətində Azərbaycan Kubokunun qalibi adını qazanıb.
“Qəbələ” İdman Klubu Məqsəd İsayevə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.
Xatırladaq ki, İsayev karyerası ərzində “Neftçi” (84 oyun, 2 assist), “Sabah” (42 oyun, 1 qol, 2 assist), “Səbail” (22 oyun, 1 assist) və “Şamaxı”da (6 oyun, 1 qol) da forma geyinib. Sol cinah müdafiəçisi Azərbaycanın U-17 və U-21 yığmalarında da oynayıb.