“Zirə”nin sol cinah müdafiəçisi Məqsəd İsayev Peşəkar Futbol Liqasının “Ayın qolu” layihəsi çərçivəsində sentyabr ayının qalibi olub.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Bu gün Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində baş tutan “Zirə” – “Turan Tovuz” görüşündən əvvəl “Misli” və PFL tərəfindən Məqsəd İsayevə mükafatlar təqdim olunub. Ona mükafatları Zirə İdman Kompleksinin stadionunda Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və “Azərlotereya”nın İdarə Heyətinin üzvü Salih Tüfekçi təqdim ediblər. Məqsədə 1000 AZN pul mükafatı da verilib.
Xatırladaq ki, Peşəkar Futbol Liqası və “Misli” bu mövsümdən etibarən “Ayın qolu” layihəsinə start verib. Layihə çərçivəsində avqust ayı da daxil olmaqla mövsüm ərzində hər ay PFL tərəfindən Premyer Liqada ayın “TOP-5” qolu müəyyənləşdirilir. Ardınca həmin qollar PFL-in rəsmi “Facebook” hesabında paylaşılır. İzləyicilər ən çox bəyəndikləri qolu emojilər vasitəsilə seçə bilirlər.
Nəticələr video paylaşıldıqdan 3 gün sonra elan edilir. Qalibə “Misli” və PFL tərəfindən mükafatlar təqdim olunması nəzərdə tutulub.
Məqsəd İsayev bu layihədə 2-ci qalibdir. Müdafiəçi sentyabr ayının ən baxımlı qoluna imza atıb. 29 yaşlı futbolçu bunu “Sumqayıt”a Zirədə 1:0 hesabıyla qalib gəldikləri matçda imza atıb.
Maraqlıdır ki, avqust ayının ən yaxşı qolunun müəllifi olan “Araz-Naxçıvan”ın sol cinah müdafiəçisi Turan Manafov da “Sumqayıt”la matçda fərqləndiyi qolla hamını qabaqlamışdı.




