“Qəbələ”nin sol cinah müdafiəçisi Məqsəd İsayev futbol üzrə Azərbaycan Premyer Liqasında 200-cü oyununu keçirib. Arena.az xəbər verir ki, 28 yaşlı müdafiəçinin yubileyi 35-ci tura təsadüf edib. O, “Şamaxı” ilə səfər matçını əvəzolunmadan keçirib.
Məqsəd İsayev Premyer Liqadakı 200 görüşdə 5 qol vurub. 2021-ci ilin yayından “Qəbələ” forması geyinən müdafiəçi bu matçların 60-nı “qırmızı-qara”ların üzvü kimi keçirib. Onun aktivində 3 qol var.
Premyer Liqada 2013/14 mövsümündə debüt edən İsayevin ilk komandası “Neftçi” olub. O, bu klubda 75 oyuna çıxıb. Karyerası ərzində beş klubda çıxış edən futbolçu “Şamaxı”da 6 (1 qol), “Sabah”da 39 (1 qol), “Səbail”də 20 dəfə meydana çıxıb.
“Qəbələ”nin digər futbolçusu Rövlan Muradov da Premyer Liqada 100-cü oyununu keçirib. 25 yaşlı yarımmüdafiəçinin yubileyi də “Şamaxı” ilə matça təsadüf edib.
Meydana start heyətində çıxan futbolçu ölkə çempionatında 100-cü dəfə şans qazanıb. Premyer Liqada yalnız “Qəbələ” forması geyinən Muradov bu matçlarda 10 qol vurub.
Onun debütü 2018/19 mövsümünə təsadüf edib. Rövlan Premyer Liqada “qırmızı-qara” forma ilə 100 və daha çox matç keçirən 8-ci oyunçudur.
Xatırladaq ki, “Şamaxı” – “Qəbələ” qarşılaşması 0:0 hesabı ilə başa çatıb.