Azərbaycanın daha bir stolüstü tennisçisi – Mərziyyə Nurmətova da Türkiyədə keçirilən beynəlxalq turnirin mükafatına layiq görülüb. Arena.az xəbər verir ki, o, Antalyada təşkil olunan “Pro-Tur” yarışında uğur qazanıb.
Nurmətova qrup mərhələsində Almaniya və Türkiyə idmançılarını üstələyib. O, 1/8 finalda türkiyəli rəqibini, ardınca komanda yoldaşı Aylin Əsgərovanı mübarizədən kənarlaşdırıb. Yarımfinalda Çin Taypeyi idmançısına uduzan Mərziyyə Nurmətova bürünc medalla kifayətlənib.
Xatırladaq ki, daha öncə Azərbaycan yığmasının digər üzvü Yağmur Məmmədli bu turnirin gümüş medalını qazanmışdı.
Yeniyetmə və gənc stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi Türkiyəyə bütövlükdə 10 idmançı ilə yollanıb. Martın 19-dan başlamış “Pro-Tur” yarışında ayın 22-dək qızlar etimadı doğrultmağa çalışacaqlar. Baş məşqçi Fərhad İsmayılov bu yarışda Ləman Abdulhəmidova, Zemfira Mikayilova, Arzu Aslanova, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədlidən ibarət heyətə güvənib.
Oğlanlardan ibarət Azərbaycan millisi isə Antalya sınaqlarına martın 22-də başlayacaqlar. Ramil Cəfərovla Elnur Hidayətzadənin rəhbərliyi altında Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə və Adil Əhmədzadə mükafatlar uğrunda mübarizə aparacaq.
Beynəlxalq dərəcəli hakimlər Könül Mikayılova ilə Zaur Mikayılov turnirin oyunlarını idarə edirlər.


