“Real”ın almaniyalı sabiq hücumameyilli yarımmüdafiəçisi Məsut Özil hazırkı mərhələdə “el klasiko” qarşıdurmasının vəziyyətindən danışıb.
Arena.az “Marca” nəşrinə istinadən, Özilin bu barədə fikirlərini təqdim edir:
“Mən oynadığım zaman bu, dünyanın ən vacib futbol qarşıdurması idi. O illərin “Barselona”sı bəlkə də tarixin ən yaxşı “Barselona”sı idi. Qvardiolanın o dövrdəki “Barsa”sı “blauqrana”nın hazırkı halından açıq şəkildə fərqlənir.
Məncə, indi dünyanın diqqəti daha çox “Liverpul” – “Mançester Siti” və ya İngiltərə çempionatının digər oyunlarına yönəlib. “El klasiko” tənəzzüldədir, bu, kədərlidir. Ancaq “Real”ı buna görə qınamaq gərək deyil, çünki onlar dünyanın ən yaxşı komandalarından biridirlər. Fəsad, imkanlarını boşa vermiş “Barselonada”dır”, deyə Məsut Özil bildirib.
Xatırladaq ki, “el klasiko” aprelin 21-də Madridin “Santyaqo Bernabeu” stadionunda Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
31 oyundan 78 xalla “Real” La Liqanın yarış cədvəlinə başçılıq edir. “Barselona” 70 xalla 2-ci pillədə qərarlaşıb.