Məqsəd İsayev rəsmən “Zirə”də!

Ötən mövsüm bitən kimi “Qəbələ”dən ayrılan Məqsəd İsayev bundan sonrakı karyerasını “Zirə”də davam etdirəcək.

Arena.az xəbər verir ki, bu barədə 29 yaşlı müdafiəçinin yeni klubu məlumat yayıb.

Onunla 2 illik müqavilə imzalanıb. “Qəbələ”dən azad agent kimi ayrılmış İsayev bu keçidə görə “Zirə”ni əlavə xərcə salmayıb.

Xatırladaq ki, Məqsəd İsayev 2021-ci ilin yayından “Qəbələdə” forma geyinirdi. O, iki mövsüm ərzində bu komandada 73 matça çıxıb, 4 qol vurub, 6 məhsuldar ötürmə ilə yadda qalıb. İsayev Premyer Liqada 61 (3 qol), kubokda 10 (1 qol), Konfrans Liqasında 2 matçda iştirak edib. Müdafiəçi bu komandanın heyətində Azərbaycan Kubokunun qalibi adını qazanıb.

İsayev karyerası ərzində “Neftçi” (84 oyun, 2 assist), “Sabah” (42 oyun, 1 qol, 2 assist), “Səbail” (22 oyun, 1 assist) və “Şamaxı”da (6 oyun, 1 qol) da forma geyinib. Sol cinah müdafiəçisi Azərbaycanın U-17 və U-21 yığmalarında da oynayıb.

Bu, “Zirə”nin bu yay fasiləsindəki ilk transferidir. Paytaxt klubu buna qədər Hamidu Keyta, Coşqun Diniyev, Loris Broqno, Mehdi Cənnətov, Mirsayib Abbasov, Mois Adileu, Ruslan Abışov, Cəlal Hüseynov, Sərtan Taşkın, Məhəmməd Hamdaui və Donald Gerye ilə yollarını ayırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: