Madrid “Atletiko”su 45 il əvvəlki klub rekordunu təkrarladı

İspaniya La Liqasının 17-ci turunda “Xetafe” ilə ev oyununda qələbə (1:0) Madrid “Atletiko”su üçün rekordla əlamətdar olub.

Arena.az “Opta Sports” statistik internet-portalına istinadən məlumat verir ki, bu qələbə nəticəsində “döşəkçilər” 45 il öncəki klub rekordunu təkrarlayıblar.

Söhbət müəyyən bir rəqibə qarşı oyunlarda məğlubiyyətsizlik silsiləsindən gedir.

“Atletiko” “Xetafe” ilə oyunlardakı məğlubiyyətsizlik silsiləsini 23 oyuna çatdırıb. “Döşəkçilər” müvafiq silsilə uğura ilk dəfə 1954-1979-cu illərdə İspaniya çempionatı çərçivəsində “Malaqa” ilə oyunlarda nail olublar.

“Xetafe” ilə cari silsilə 19 qələbə və 4 heç-heçədən ibarətdir.

Bundan əlavə, “Atletiko”nun cari mövsümdə bütün yarışlarda ardıcıl 11 qələbə silsiləsi var.

17 oyunda 38 xal toplamış Madrid “Atletiko”su İspaniya La Liqasının yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. Paytaxt təmsilçisi 18 oyundan eyni miqdarda xal toplamış “Barselona”ya nəzərən, mümkün lider qismindədir.

Xəbəri istədiklərinizlə paylaşın