Madrid derbisində qalmaqal – Ançelotti və Simeonedən açıqlama

La Liqanın 8-ci turu çərçivəsində “Atletiko” və “Real” arasında keçirilmiş Madrid derbisində baş vermiş qalmaqa dair ilk açıqlamalar gəlib.

Arena.az xatırladır ki, “döşəkçilər” oyunun təzminat müddətində (90+5) vurduqları qolla məğlubiyyətdən qurtulublar.

Oyunun gedişində, 68-ci dəqiqədə “Atletiko” azarkeşlərinin “Real”ın belçikalı qapıçısı Tibo Kurtuaya müxtəlif əşyalar atması və qapıçının bu əşyaları baş hakimə göstərməsi ilə oyunda 20 dəqiqəlik fasilə yaşanıb. Hakim baş vermiş hadisəni sənədləşdirib, vəziyyət sabitləşdikdən sonra isə oyunu bərpa edib.

Hadisəyə dair ilk rəsmi mövqeyini “Atletiko” açıqlayıb:

“Atletiko” Real” ilə oyunun 68-ci dəqiqəsində aşağı cənub tribunalarından birindən meydana əşyalar atılmasından öz narazılığını ifadə etmək istəyir. Bu hadisədən sonra klubun təhlükəsizlik şöbəsi polislə birgə iştirakçıların harada olduğunu müəyyən etmək üçün işləyir, onlardan birinin şəxsiyyəti isə artıq müəyyən edilib. Klub bu hadisədə əli olan şəxslərə çox ağır işlərdə nəzərdə tutulan daxili nizamnayə dair tədbir tətbiq edəcək.

Müvafiq məqamların futbolda yeri yoxdur, onlar isə tribunalarında 70 mindən çox tamaşaçının olduğu təsirli ab-hava yaşamış və böyük əksəriyyəti nümunəvi davranış nümayiş etdirmiş stadionun simasını korlayırlar”, – “döşəkçilər”in rəsmi bəyaatında deyilir.

“Kurtuaya sakit olmağı tövsiyə edərdim”

Ardınca “Atletiko”nun baş məşqçisi, argentinalı mütəxəssis Dieqo Simeone çıxış edərək, qapıçı Tibo Kurtuanı “döşəkçilər”in azarkeşlərini təxribata sürükləməkdə ittiham edib:

“Atletiko” oyunçusu olanda Kurtuaya da “Santyaqo Bernabeu”da alışqanlar atılmışdı, bu düzgün deyil. Amma ola bilsin ki, biz insanları aşağılayanda, onları təhrik edəndə, onlar da qəzəblənirlər və biz, aparıcı simalar isə onlara kömək etmirik. Bu halda insanların pis hərəkət etməkdən başqa çarəsi yoxdur, bu, yanlışdır, amma biz də tribunalar qarşısında qolu müvafiq üsula qeyd edərkən, sakitliyimizi qorumağa, anlaşıqlı olmağa çalışmalıyıq. Əlbəttə, mən azarkeşlərin davranışına haqq qazandırmıram, heç səbəbin nə olduğunu da əsaslandırmıram.

Mən Kurtuaya sakit olmağı tövsiyə edərdim. Bizə tribunalarda belə adamlar gərək deyil. Amma qurban rolunu oynayan kəslərdən də ehtiyatlı olun. Kurtuanın insanları təqsirləndirdiyini və onlara güldüyünü də görə bilərsiniz.

Azarkeşlər dedilər ki, bütün bunlar rəqib qapıçı Kurtua tərəfindən törədilmiş təxribatdır. Bu hərəkət əlbəttə ki, onların etdiklərinə haqq qazandırmır, amma təxribat törədənlər də cəzalandırılmalıdır”, – AS dərgisi Simeonedən sitat gətirir.

“Hakim oyunu dayandırmaqla düzgün qərar qəbul etdi”

“Real”ın baş məşqçisi Karlo Ançelotti də hadisəyə öz mövqeyini açıqlayıb:

“Düşünürəm ki, hakim oyunu dayandırmaqla düzgün qərar qəbul etdi. Bu, heç birimizin xoşuna gəlmədi, çünki hamımız oynamaq istəyirdik. Amma qərar düzgündür. Mən sadəcə məşqçiyəm. Mən idmana nəzarət edirəm. Qərarları məndən daha təcrübəli insanlar verməlidirlər.

Hakim mənə nə deyib? O bildirdi ki, azarkeşlər iki dəfə meydana alışqanlar atıblar və bunu yenidən etsələr, oyun dayandırılmalı olacaq ki, belə də olub”, – “Marca” nəşri italyan mütəxəssisdən sitat gətirir.

Bu arada Kurtuanın əslində nə “hoqqa” çıxardığı haqda ilk məlumat mətbuata sızıb.

“Marca” nəşrinin məlumatına görə, “Real”ın vurduğu qoldan sonra Kurtua “Atletiko”nun azarkeşlərinə üz tutaraq “İrəli!”, deyə qışqırıb. Bundan sonra tribunadan Kurtuaya yad əşyalar atılmağa başlayıb. Hakim komandaları məhz bu səbəbdən, təhlükəsizlik məqsədilə meydandan çıxarıb.

Buna qədər Kurtuaya bir neçə alışqan tuş gəlib. Üstəlik, belçikalı qapıçının üstünə zibillə dolu bir torba atılıb. Bəzi mənbələrdə zibil torbasının içində nəcis olduğu iddia edilir.

Mənbənin məlumatına görə, Kurtuaya alışqan atmış “döşəkçi”nin üstündə bıçaq olub. Mühafizə xidməti bu hadisəyə vaxtında müdaxilə edib və azarkeşin sonrakı davranışına mane olub.

8 turdan sonra “Rea”l La Liqanın yarış cədvəlində 18 xalla 2-ci pillədə, “Atletiko” isə 16 xalla 3-cü pillədə qərarlaşıb. La Liqaya 21 xalla “Barselona” başçılıq edir.