Mahamadu Ba “Kəpəz”də – Rəsmi

Türkiyənin “Adana Dəmirspor” klubunun sabiq yarımmüdafiəçisi Mahamadu Ba bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, “Kəpəz” heyətinə yeni futbolçu cəlb edib. Klub malili yarımmüdafiəçi Mahamadu Banı heyətinə qatıb. Azad agent statusuna malik 25 yaşlı oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Mahamadu Ba karyerası ərzində yalnız Türkiyə klublarında forma geyinib. O, peşəkar karyerasında “Ərzurumspor”da başlayıb. Daha sonra “Bandırmaspor” və “Menemenspor”da da oynamış yarımmüdafiəçi 2022-ci ildə “Adana Dəmirspor”a cəlb olunub. Amma o, Super Liqa təmsilçisində əsas heyətə düşə bilmədiyi üçün “İstanbulspor”a və “Tuzlaspor”a icarəyə verilib. Ba Adana təmsilçisindən ötən ay azad agent kimi ayrılıb.

Mahamadu Ba “Kəpəz”in bu mövsüm heyətinə cəlb etdiyi 10-cu legionerdir. Gəncə klubu buna qədər Paulo Rojerio (“Lenk”, Portuqaliya), Kərim L’Kuça (“Santa Koloma”, Andorra), Lassana Ndiaye (“Botev”, Bolqarıstan), Redon Mihana (“Erzeni”, Albaniya), Viktor Braqa (“Aqiya di Maraba”, Braziliya), Keverton Resende Markolino (“Hersilio Lus”, Braziliya), Valdemar Almeyda (“Səbail”), Dioqo Verdaska (“Mirandes”, İspaniya) və Paçu Liranı (“Kəpəz”) da transfer etmişdi.

Yerli futbolçulardan isə Elmir Tağıyev (“Səbail”), Nicat Süleymanov (“Araz-Naxçıvan”), Məmməd Hüseynov (“Zirə”), İlkin Qırtımov (“Qəbələ”), Orxan Əliyev (“Araz-Naxçıvan”), Rauf Hüseynli (“Qəbələ”), Turan Manafov (“Araz-Naxçıvan”) və Camal Cəfərov (“Sabah”, icarə) komandaya cəlb olunub.

Yeqor Xvalko, Ehtiram Şahverdiyev, Əli Səmədov, Vurğun Hüseynov, Tural Rzayev və Mahir Həsənov isə “Kəpəz”lə yeni müqaviləyə imza atıblar.