Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”sunun heyətində Xorvatiya çempionatında növbəti oyununu keçirib. Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu 9-ci turdan təxirə salınmış “Hayduk”la matçın iştirakçısı olub.
Zaqreb təmsilçisi bu rəqiblə səfərdə qarşılaşıb. Xorvatiya derbisinin taleyini bir qol həll edib. 63-cü dəqiqədə qapısında qol görən futbolçumuzun komandası meydanı 0:1 hesablı məğlubiyyətlə tərk edib. Mahir bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb.
Bu nəticədən sonra 66 xala malik “Dinamo” vahid liderliyini qorusa da, “Hayduk” aradakı fərqi azaldıb. Üçüncü pillədə qərarlaşmış Split təmsilçisinin 62 xalı var. Zaqreblilərin əsas izləyicisi isə 64 xalı olan “Osiyek”dir.
Xatırladaq ki, Mahir Emreli bu mövsümün qış fasiləsində Polşa “Legiya”sından “Dinamo”ya transfer olunub.


