Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) klubundan ayrılıb. Arena.az xəbər verir ki, 26 yaşlı vinger Türkiyənin “Konyaspor” klubuna transfer olub.
Bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Türkiyə klubu Emrelini mövsümün sonuna qədər Zaqreb “Dinamo”sundan satınalma şərti ilə icarəyə götürüb. Mahirin Xorvatiya klubu ilə sözləşməsi 2026-cı ilin 30 iyununa qədərdir. “Konyaspor” onu yayda birdəfəlik transfer etmək hüququna da malik olacaq. Lakin “Dinamo”nun onu satıb-satmayacağı sual altındadır.
Məsələ burasındadır ki, Zaqreb təmsilçisinin baş məşqçisi Ante Çaçiç klubun rəsmi saytına müsahibəsində Mahirin sadəcə, yaya qədər daha çox oyun şansı qazanması üçün icarəyə göndərildiyini açıqlayıb. “Dinamo” digər futbolçusu Daniel Ştefulu da Slovaniyanın “Çelye” klubuna icarəyə verib. Çaçiç bu iki oyunçunun ayrılığını belə şərh edib:
“Bəli, biz düşündük ki, onların yaya qədər daha çox oyun keçirməsi yaxşı olardı. Buna görə də Emrelinin Türkiyəyə, Ştefulun isə Sloveniyaya icarəyə getməsinə razılıq verdik”.
Xatırladaq ki, Mahir Emreli ötən ilin fevral ayından “Dinamo”da çıxış edir. O, cari mövsümdə Zaqreb təmsilçisinin heyətində meydana çıxdığı 13 matçda 3 qol vurub. Bütövlükdə isə o, Xorvatiya klubunda 23 oyun keçirib, 5 qola imza atıb.
“Bakı”nın yetirməsi olan, uzun illər “Qarabağ”da forma geyinmiş Mahir, “Dinamo”dan öncə Polşanın “Legiya” (Varşava) klubunda da legioner həyatı yaşamışdı. O, Azərbaycan milli komandasında da 39 oyuna çıxıb və 5 qola imza atıb.
“Mançester Siti”dən “Konyaspor”a
Yeri gəlmişkən, “Konyaspor” Mahirlə yanaşı, İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Marlos Morenonu da icarəyə götürüb. Kolumbiyadan olan 26 yaşlı forvardın da mövsümün sonuna kimi icarəyə götürüldüyünü açıqlayıb. Ölkəsinin “Atletiko Nasional” klubunun yetirməsi olan Marlos, 2016-cı ildə 5.5 milyon avro qarşılığında “Mançester Siti”yə transfer olunsa da, heç vaxt bu klubun əsas komandasında oynamayıb. Əvəzində o, “Deportivo”, “Jirona”, “Flamenqo”, “Santos Laquna”, “Portimonense”, “Lommel”, “Kortreyk” və “Trua” kimi klublarda icarədə oynamaq məcburiyyətində qalıb. Moreno Kolumbiyanın əsas yığmasında 8 oyun keçirib, 1 qol vurub.
“Konyaspor” həm Emrelinin, həm də digər yeni transferlərin təqdimat mərasiminin yaxın günlərdə klubun stadionunda təşkil olunacağını açıqlayıb.
Super Liqa klubunda iki ayrılıq
“Konyaspor” iki futbolçusu ilə də yollarını ayırıb. Super Liqa təmsilçisi braziliyalı yarımmüdafiəçisi Amilton, eləcə də sağ cinah müdafiəçisi Barış Yardımcı ilə vidalaşıb.
Amilton TFF 1-ci liqa təmsilçisi “Rizəspor”a keçib. Təcrübəli futbolçu yeni klubu ilə mövsümün sonunadək anlaşıb.
33 yaşlı vinger 2022-ci ilin yanvarından formasını geyindiyi “Konyaspor”da 27 oyuna 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə “Antalyaspor”, “Desportivo Aves”, “Unian Madeyra”, “Portimonense”, “1860 Münhen” və “Varzim” kimi klublarda da forma geyinib.
Azad agent statusunda olan Barış Yardımcının isə yeni klubu məlum deyil. 30 yaşlı futbolçu 2021-ci ilin yanvar ayından formasını geyindiyi Konya klubunda cəmi 18 matça çıxıb və heç bir məhsuldar göstərici ilə yadda qalmayıb. Barış daha öncə “Hatayspor”, “Menemen Belediyesspor”, “Qaziantepspor”, “Bursaspor” və “Sivasspor”da da forma geyinib. Türkiyənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış müdafiəçi, əsas millidə də 1 oyuna çıxıb.


