Futbol üzrə Azərbaycan milli komandasının və “Nürnberq”in hücumçusu Mahir Emreli Almaniya klubunun rəsmi saytına müsahibə verib.
Arena.az xəbər verir ki, o, legioner həyatı yaşamaqdan məmnun olduğunu bildirib:
“Azərbaycandakı gənc futbolçulara nümunə olmaq üçün Avropa klublarına keçdim. İstəyirəm ki, ölkəmin bir çox futbolçuları xaricdə çıxış etsinlər. Daha əvvəl Xorvatiya, Türkiyə və Polşa komandalarında çıxış etmişəm. Azərbaycanı Avropa arenalarında layiqincə təmsil etmək arzusundayam. Üç il ərzində çıxış etdiyim ölkələrin xalqları və mədəniyyətləri ilə tanış olmuşam. Mən çox ünsiyyətcil biriyəm. Yeni insanlar və mədəniyyətlərlə tanış olmağı sevirəm”.
27 yaşlı oyunçu Azərbaycanın tolerant ölkə olduğunu vurğulayıb:
“Azərbaycan tolerant ölkədir, bizdə insanların dini etiqadına hörmətlə yanaşılır, heç bir dinə qarşı ayrı-seçkilik yoxdur. Ölkəmizdə bir sıra dini qurumlar, çoxsaylı məscid, kilsə və sinaqoqlar fəaliyyət göstərir. Bu səbəbdən mən başqa ölkələrin mədəniyyətlərinə daha tez uyğunlaşa bilirəm. Azərbaycanlı olsam da, hazırda çıxış etdiyim Almaniyanın xüsusi günlərini və bayramlarını öz sosial şəbəkə hesabımda paylaşmağı düşünürəm”.
Mahir Emreli “Qarabağ”ın heyətində çıxış edərkən UEFA Çempionlar Liqasında İngiltərənin “Çelsi” komandasına qarşı keçirdikləri oyunu unuda bilmədiyini söyləyib:
“Londondakı “Stemford Bric” stadionunda “Çelsi”yə qarşı keçirdiyimiz oyun bizim üçün tarixi qarşılaşma idi. Düzdür, həmin matçda heç bir şansımız yox idi və böyük hesabla məğlub olmuşduq. Bu günə qədər heç vaxt unuda bilmədiyim üç stadion var – “Borussiya” (Dortmund, Almaniya), PAOK (Yunanıstan) və “Roma”nın (İtaliya) arenaları. Həmin stadionlarda gördüyüm atmosfer heç vaxt yadımdan çıxmır”.
Xatırladaq ki, Mahir Emreli 2-ci Bundesliqa komandasının heyətində ötən tur debüt edib. O, 6-cı turda “Herta”ya qarşı keçirilən matçın 39-cu dəqiqəsində meydana daxil olub.
Mahir Emreli bu il avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər.
“Bakı”nın yetirməsi olan Mahir Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 46 oyunda 5 qol vurub.