Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu gün Almaniyanın “Nürnberq” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu Almaniya İkinci Bundesliqasının 7-ci turu çərçivəsində baş tutan “Hannover”lə matçın iştirakçısı olub.
Nürnberqlilər səfərdə baş tutan bu oyunda 0:2 hesablı məğlubiyyətə üzülüblər. Mahir start heyətdə meydana çıxıb və 75-ci dəqiqədə, hesab 0:0 olarkən əvəzlənib.
“Nürnberq” 7 oyuna topladığı 7 xalla hazırda 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb. Baş məşqçisi Miroslav Kloze olan komanda bu mövsüm 2 qələbə qazandığı halda 1 heç-heçə edib, 4 oyunda məğlubiyyətə üzülüb.
“Nürnberq” növbəti matçını oktyabrın 5-də evdə “Proyssen Münster”ə qarşı keçirəcək.
Mahir Emreli bu il avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər. Azərbaycanlı futbolçu Almaniya klubunun heyətində 2 rəsmi matça çıxıb, fərqlənə bilməyib.
“Bakı”nın yetirməsi olan Mahir Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 46 oyunda 5 qol vurub.