Mahir Emreli millinin heyətindən çıxarıldı

Türkiyə Super Liqasında çıxış edən “Konyaspor” klubunun hücumçusu Mahir Emreli Azərbaycan millisinin heyətindən çıxarılıb. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, futbolçu zədəli olduğu üçün milli komandanın təlim-məşq toplanışında iştirak edə bilməyəcək. O, bu üzdən AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçirəcəyi qarşıdakı oyunları da buraxmalı olacaq.

Xatırladaq ki, Azərbaycan millisi martın 24-də Avstriya, 3 gün sonra isə İsveç yığması ilə qarşılaşacaq. Komandamız hər iki oyunu rəqib meydanında keçirəcək.

Mahir Emreli “Konyaspor”un heyətində son olaraq “Qalatasaray”a qarşı forma geyinib. O, İstanbul təmsilçisi üzərində 2:1 hesabıyla qələbə qazandıqları matça start heyətdə başlamış və 79-cu dəqiqədə əvəzlənmişdi. 25 yaşlı futbolçu Azərbaycan yığmasında keçirdiyi 39 oyunda 5 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: