Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Türkiyə Super Liqasında mübarizə aparan “Konyaspor”da növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən kollektiv bu gün Super Liqada 2022/2023 mövsümünün sonuncu – 38-ci turu çərçivəsində “Beşiktaş”la qarşılaşıb.
Futbolçumuzun komandası bu rəqiblə səfərdə üz-üzə gəlib. Konyalılar güclü rəqiblə qarşılaşmadan heç-heçə ilə ayrılıblar – 3:3.
İlk hissə 2:1 hesabıyla meydan sahiblərinin xeyrinə bitib. İkinci hissənin startında Konya təmsilçisinin baş məşqçisi Aleksandr Stanoyeviç Mahir Emrelini meydana buraxıb. Azərbaycanlı hücumçu cəmi 2 dəqiqə sonra – 47-ci dəqiqədə qol vurmaqla hesaba tarazlıq gətirib – 2:2. 51-ci dəqiqədə daha bir qol vuran “Konyaspor” hesabda önə keçsə də, 62-də üstünlüyü əldən verib. Qalan dəqiqələrdə hesab dəyişməz qalıb və bu matç məhsuldar heç-heçə ilə bitib.
Bu nəticədən sonra “Konyaspor” Super Liqada 2022/2023 mövsümünü 51 xalla 19 iştirakçı arasında 8-ci pillədə başa vurub. Komanda 36 oyuna 12 qələbə qazanıb, 15 heç-heçə edib və 9 məğlubiyyətlə üzləşib.
Mahir Emreli isə bu ilin fevralından oynadığı “Konyaspor”da 12 oyuna 2 qol vurub, 3 sarı vərəqə ilə cəzalanıb.