Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Nürnberq” komandasında debüt etməsinə münasibət bildirib.
Arena.az xəbər verir ki, 27 yaşlı futbolçunun debütü Almaniyanın İkinci Bundesliqasının 6-cı turu çərçivəsində baş tutan “Herta” ilə ev oyununa təsadüf edib.
Nürnberqlilər doğma meydanda baş tutan bu oyunda 0:2 hesablı məğlubiyyətə üzülüblər. Mahir bu matçın 39-cu dəqiqəsində zədələnərək meydanı tərk etmək məcburiyyətində qalmış Benjamin Qollerin əvəzində, hesab 0:1 olarkən oyuna buraxılıb. Amma o, debüt matçında komandasına məhsuldar fəaliyyəti ilə kömək edə bilməyib. Əvəzində azərbaycanlı hücumçu 90+5-ci dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
Matçdan sonra Mahir Emreli şəxsi “İnstagram” hesabında bunları yazıb:
“Uzun müddətdən sonra meydana qayıtdığım üçün sevindim. Təəssüf ki, nəticə gözlədiyimiz kimi olmadı. Hamımız məyusuq. Artıq növbəti oyunu düşünəcəyik. Bu qarşılaşmada bizə dəstək olan hər kəsə təşəkkür edirik”.
Qeyd edək ki, “Nürnberq” 6 oyuna topladığı 7 xalla hazırda 18 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb. Baş məşqçisi Miroslav Kloze olan komanda bu mövsüm 2 qələbə qazandığı halda 1 heç-heçə edib, 3 oyunda məğlubiyyətə üzülüb.
“Nürnberq” növbəti matçını sentyabrın 29-da səfərdə “Hannover”ə qarşı keçirəcək.
Mahir Emreli bu il avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər.
“Bakı”nın yetirməsi olan Mahir Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 46 oyunda 5 qol vurub.


