Mahir Emreli “Nürnberq”i tərk edəcək – Rəsmi

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Nürnberq” klubu ilə müqaviləsinin müddətini uzatmayacaq.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı hücumçunun cari mövsümün sonunda 2-ci Bundesliqa təmsilçisindən ayrılacağı dəqiqləşib.

“Nürnberq”in idman direktoru Joti Xatsialeksiu cari mövsümün sonunda Mahirlə vidalaşmalarına münasibət bildirib. O, bu barədə klubun saytına açıqlama verib. Xatsialeksiu 27 yaşlı hücumçuya gələcək karyerasında uğurlar arzulayıb:

“Müqavilə müddəti mövsümün sonunda bitəcək oyunçularla bağlı tez qərar vermək bizim üçün vacibdir. Mahirlə yaydan sonra münasibətlərimizi davam etdirməməyə razılaşdıq. Ona bu mövsüm göstərdiyi səylərə, xüsusən də fədakarlığına görə təşəkkür edirəm”.

Xatırladaq ki, Mahir Emreli 2024-cü il avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalamışdı. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilərdi. Azərbaycanlı futbolçu Almaniya klubunun heyətində indiyə qədər 23 rəsmi matça çıxıb, 8 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Mahir Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 53 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

“Nürnberq” Almaniya 2-ci Bundesliqasının cari mövsümündə 32 oyuna topladığı 45 xalla hazırda 18 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Baş məşqçisi Miroslav Kloze olan komanda bu mövsüm 13 qələbə qazandığı halda 6 heç-heçə edib, 13 oyunda məğlubiyyətə üzülüb.

“Nürnberq” növbəti matçını mayın 9-da evdə “Köln”ə qarşı keçirəcək.