Mahir Emreli oynamadı, Əliyar Ağayev 6 sarı vərəqə göstərdi

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Avropa Konfrans Liqasının 1/8 mərhələsinin cavab qarşılaşmasını idarə edib.

Arena.az xəbər verir ki, o, bu gün baş tutan “Dinamo” (Zaqreb, Xorvatiya) – PAOK (Yunanıstan) qarşılaşmasının baş hakimi olub.

Əliyara bu oyunda yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib.

Qarşılaşmanın VAR hakimi almaniyalı Saşa Steqemann, onun köməkçisi isə həmyerlisi Paşal Müller olub. Matçın hakim-inspektoru funksiyasını isə norveçli Terye Houç yerinə yetirib.

Oyun meydan sahibi olan Xorvatiya çempionunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Zaqreblilərin heyətində Bruno Petkoviç dubla imza atıb (37, 71).

Əliyar Ağayev bu görüşdə bütövlükdə 6 sarı vərəqədən istifadə edib. O, həm meydan sahiblərinin, həm də qonaqların 3 futbolçusunu cəzalandırıb.

Bu komandalar arasındakı cavab oyunu bir həftə sonra reallaşacaq.

Xatırladaq ki, Zaqreb “Dinamo”sunda Azərbaycan millisinin hücumçusu Mahir Emreli forma geyinir. Amma o, xeyli müddətdir zədədən əziyyət çəkdiyi üçün komandasına kömək edə bilmir. Azərbaycanlı futbolçu həmyerlilərinin idarə etdiyi görüşdə də forma geyinməyib.