Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli Ukrayna yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan millisi ötən gecə Polşada qarşılaşdığı Ukrayna yığmasına 1:2 hesabıyla məğlub olub.
Mahir Emreli matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
“Bundan əvvəlki Fransa ilə matçda müdafiə futbolu oynadıq. Çalışırdıq rəqibin hücumlarının qarşısını alaq. Fransanın gücü hamıya bəllidir. Bizdən üstün rəqiblər belə Fransa yığmasına qarşı oyunda çətinlik çəkirlər. Ukrayna ilə oyunda komandanın istəyindən hiss olunurdu ki, yaxşı nəticə əldə etmək arzusundayıq. Yığmada ölkəni sevməyən futbolçu yoxdur. Sistem doğru olanda rəqibə qarşı istədiyimiz oyunu göstərə bilirik.
Əvvəldən danışılmışdı ki, Fransa ilə oyunda təcrübəli futbolçular lazımdır. Buna görə mənə də üstünlük verilmişdi. Fransızlarla matçda hər kəs əlindən gələni etdi. İnsanların narazı olduğu məqamı anlaya bilmirəm. Bəlkə də buna pozitiv yanaşmaq lazımdı. Fransaya 45 dəqiqə qol şansı verməmişdik. Meydanın içində özümüz inanmağa başlayırdıq ki, xal almaq olar (gülür). Amma rəqibin top səviyyəli futbolçuları var və oyunun taleyini də onlar həll etdilər”.
Mahir Emreli bu iki oyunda çərçivəyə cəmi 2 dəqiq zərbə vurmağımıza da münasibət bildirib:
“Zərbələrdən biri qol olub (gülür). Başa düşürəm ki, belə məqamlara diqqət yetirirsiniz. Bir neçə ölkədə oynamışam. Media nümayəndələrinin öncə neqativə, sonra isə, pozitivə baxdığının şahidi olmuşam. Əslində, bu, yaxşı şeydir. Nəzərə almalıyıq ki, Ayxan müəllimin yığma komandada üçüncü oyunudur. Ukrayna ilə keçirilən iki oyunda böyük fərq hiss olunmadı. Sadəcə, yeni məşqçi, yeni sistem… Bizim birlikdə olmağa çox vaxtımız olmayıb. Tək mən yox, yerli çempionatda limit ləğv olunduğu üçün bir neçə futbolçu komandasında daimi çıxış etmir.
İndi baş məşqçimiz yerlidir. Mentalitetimizi bilir və bu da bizə əlavə motivasiya verir. Zamanla yaxşı milli olduğumuzu sübut edəcəyik. Ən azı bu rəqiblərlə bərabər mübarizə apara bilərik”.
Mahir Emreli “Kayzerslautern” rəhbərliyi ilə görüşəcək
Mahir Emreli formasını geyindiyi Almaniyanın “Kayzerslautern” klubundakı çıxışından da söhbət açıb. Millimizin üzvü klubunda ona qarşı bəzi hərəkətlərin xoşagəlməz olduğunu bildirib. O, 2-ci Bundesliqa təmsilçisində heyətə düşə bilməməsinə belə aydınlıq gətirib:
“Almaniyaya döndüyümdə “Kayzerslautern” klubunun idman direktoru və prezidenti iclas keçirəcəklərinə söz veriblər. Heyətə düşə bilməməyimin səbəbini, yəqin ki, orada öyrənəcəyəm. Klub daxilində bəzi proseslər baş verdi ki, bu, mənim xoşuma gəlmədi. Bəzi məlumatlar dolaşırdı ki, guya komanda daxilində mənim aram kimləsə pisləşib. Lakin bu, yalan söhbətdir. Həqiqətən heç bir səhvim olmayıb. Almaniyaya qayıtdıqdan sonra məsələnin səbəbini araşdıracağıq. Mənə qarşı bəzi hərəkətlər Almaniyanın futbol mentalitetinə yaraşmır”.



