Mahir Emreli Zaqreb “Dinamo”sundan ayrıldı – Rəsmi

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) klubundan ayrılıb.

Arena.az bu barədə Xorvatiya nəhənginin mətbuat xidmətinə istinadən məlumat verir.

27 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Klub Mahirə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Mahir Emrelinin Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Nürnberq”ə keçəcəyi gözlənilir. Böyük ehtimalla, bu təyinat da tezliklə rəsmən açıqlanacaq.

Mahir Emrelinin “Dinamo”dan ayrılacağı hələ xeyli müddət öncə məlum idi. Belə ki, Zaqreb təmsilçisi yeni mövsümə hazırlıq üçün 27 yaşlı hücumçunu Avstriyadakı təlim-məşq toplanışına aparmamışdı. Emreli ilə yanaşı, Moreno Jivkoviç və Qabriel Rukavinanın da hazırlıq prosesində iştirak etməyəcəyi diqqətə çatdırılmışdı.

Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunmuşdu. O, bu komandanın heyətində bütövlükdə 47 matça çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Mahirin Xorvatiya klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi vardı.

Bu ilin yanvar ayında ağır zədə almış millimizin futbolçusu ötən mövsümün yalnız son oyunlarından bir neçəsində forma geyinmək şansı qazanmışdı.

Azərbaycanlı futbolçu bu komanda ilə 3 dəfə Xorvatiya çempionu olub. Bundan əlavə, Mahir bir dəfə Xorvatiya Kubokunun, bir dəfə də Xorvatiya Super Kubokunun qalibi adını qazanıb.

Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 46 oyunda 5 qol vurub.