Mahir Emrelinin komandası “Osiyek”lə səfər matçında xal itirdi

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb) Xorvatiya çempionatında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən kollektiv ölkə çempionatının 25-ci turu çərçivəsində lider “Osiyek”lə qarşılaşıb.

Səfərdə baş tutan bu oyun “Dinamo”nun xal itkisiylə yekunlaşıb – 1:1. 26-cı dəqiqədə məğlub duruma düşən Mahir Emrelinin komandası məğlubiyyətdən 90+4-cü dəqiqədə xilas ola bilib.

Emreli bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə Xorvatiya çempionatında 4 qol və 3 məhsuldar ötürməsi olan azərbaycanlı futbolçu zədəli olduğu üçün komandasına kömək edə bilməyib. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

Son Xorvatiya çempionu olan “Dinamo” 25 turdan sonra 48 xalla 10 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var. Lider “Riyeka” 53, 2-ci pillədə olan Split “Hayduk”u isə 52 xal toplayıblar.

Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 45 matça çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 46 oyunda 5 qol vurub.