Mahir Emrelinin komandası təxirə salınmış oyundan qalib ayrıldı

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb) Xorvatiya çempionatında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən kollektiv ölkə çempionatının 5-ci turundan təxirə salınmış oyunda “Varajdin”lə qarşılaşıb.

Doğma meydanda baş tutan bu oyun “Dinamo”nun qələbəsiylə yekunlaşıb – 2:1.

Azərbaycanlı futbolçu bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə Xorvatiya çempionatında 4 qol və 3 məhsuldar ötürməsi olan Emreli zədəli olduğu üçün komandasına kömək edə bilməyib. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

Son Xorvatiya çempionu olan “Dinamo” 30 turdan sonra 66 xalla 10 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb. Mahir Emrelinin komandası lider “Riyeka”dan (68) 2 xal geri qalır.

Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 45 matça çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 46 oyunda 5 qol vurub.