Mahir oynadı, “Legiya” qələbə həsrətinə son qoydu

Futbol üzrə Polşa çempionatında 16-cı turun oyunları keçirilib. Arena.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Legiya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Yagelloniya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Bu, Varşava təmsilçisinin ölkə çempionatında ardıcıl yeddi məğlubiyyətdən sonrakı ilk, cari mövsümdəki dördüncü qələbəsidir.

Mahir də bu görüşün iştirakçısı olub. Millimizin hücumçusu start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının 45-ci dəqiqədə vurduğu yeganə qolun məhsuldar ötürməsini də məhz Emreli verib.

16 turdan sonra 12 xalı olan “Legiya” 18 komanda arasında 16-cı pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.