Dortmund “Borussiya”sının sabiq futbolçusu Mahmud Dahud “Brayton”dan birdəfəlik ayrılaraq yenidən Almaniyaya qayıdıb.
Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu İngiltərə klubu ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.
O, azad agent kimi Bundesliqa təmsilçisi “Ayntraxt”a keçib. Yarımmüdafiəçi Frankfurt klubu ilə 2 illik müqavilə bağlayıb.
Xatırladaq ki, Dahud ötən mövsümün əvvəlində “Borussiya”dan azad agent kimi ayrılaraq İngiltərənin “Brayton” klubu ilə anlaşmışdı. Həmin vaxt yarımmüdafiəçi ilə 4 illik (2027-ci ilin 30 iyununa kimi) müqavilə imzalandığı açıqlanmışdı. Amma o, Premyer Liqa klubunun heyətində 14 oyuna çıxıb və cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb. Ötən mövsümün ikinci dövrəsində isə o, “Ştutqart”da icarədə olub – 14 oyun, 1 qol.
Mahmud Dahud Düsseldorf “Fortuna”sının yetirməsidir. O, peşəkar karyerasına Mönhenqladbax “Borussiya”sında başlayıb. 27 yaşlı futbolçu bu komandada 86 oyuna 8 qol vurub, 16 məhsuldar ötürmə müəllifi olub.
2017-ci ilin iyul ayında Dortmund “Borussiya”sı Mönhenqladbaxdan olan adaşına 12 milyon avro ödəyərək Dahudu öz sıralarına qatıb. Yarımmüdafiəçi bu komandanın heyətində meydana çıxdığı 141 matçda 5 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.
Almaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Suriya əsilli Dahud, əsas millidə də 2 matça çıxıb.
“Brayton” 4 futbolçusunu da icarəyə verib. 22 yaşlı sol vinger, Ekvador millisinin də üzvü olan Jeremi Sarmiento “Börnli”yə keçib. 19 yaşlı sağ vinger Amario Kozier-Duberri “Bləkbörn”ə icarəyə verilib. 23 yaşlı ingilis qapıçı Karl Raşvort “Hall Siti”yə üz tutub. 18 yaşlı mərkəz yarımmüdafiəçisi Malik Yalkuye də qarşıdakı mövsümü “Şturm Qrats”da keçirib. Bu oyunçuların hər biri cari mövsümün sonuna kimi icarədə olacaqlar.