“Bayern”in idman direktoru Maks Eberl klubun komandanın almaniyalı hücumameylli yarımmüdafiəçisi Camal Musialanı satmayacağını bildirib.
Arena.az “Sky Sport Germany” dərgisinə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Camal Musiala satılmır. Onun gələcəkdə “Bayern”in siması olacağını gözləyirik. Camal öz ifası ilə böyük sevinc gətirir. Məqsədimiz onu “Bayern”in yeni siması etməkdir”, deyə Maks Eberl vurğulayıb.
Camal Musiala futbola Almaniyanın “Lenerts” klubunda qədəm qoyub. Buradan Camal “Sauthempton” və “Çelsi”nin futbol akademiyalarına yol tapıb. “Bayern” Musialanı 2019-ci ilin iyulunda 200 min avro müqabilində “zadəganlar”ın gənclər komandasından öz düşərgəsinə cəlb edib. 2020-ci ilin iyulunda isə Musiala “Bayern”in əsas komandasına keçirilib. Camalın Almaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Musiala “Bayern”in heyətində bütün yarışlarda 31 oyun keçirib, 12 qol vurub və 7 məhsuldar ötürmə verib.
Camal Musiala 2021-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 27 oyuna 2 qol, 5 məhsuldar ötürmə ilə fərqlənb.
Camal Musialanın qənimətlər muzeyində “Bayern”lə Bundesliqa çempionluğu (4 dəfə), Almaniya Super Kuboku (3 dəfə), Çempionlar Liqası, UEFA Super Kuboku, FIFA Klub Dünya Kuboku var.
“Transfermarkt” internet-portalı 21 yaşlı almaniyalı hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.